Azərbaycan çempionatında 25-ci tura yekun vurulub.

Çempion “Qarabağ”ın ən yaxın izləyicisi “Neftçi”ni autsayder “Sumqayıt”ın qonağı olub. Qonaqlar sensasiyaya imkan verməyiblər. 12-ci dəqiqədə Bakı klubunun heyətində Tyaqo Bezerra hesabı açıb. Az sonra “Kimyaçılar” daha bir uğursuzluğa düçar olub. Cəmaləddin Xocaniyazov qırmızı vərəqəylə cəzalanıb. Say üstnlüyü qazanan “Neftçi” fasilədən sonra daha bir qol vurub. Bezerra dubl edərək mübarizəyə nöqtə qoyub: “Sumqayıt” – “Neftçi” 0:2. Samir Abasovun komandası ardıcıl 4-cü oyunda qələbə qazanıb. “Sumqayıt” isə 15 görüşdür qalib gələ bilmir. Gənclik şəhəri təmsilçisi sonuncu dəfə ötən ilin oktyabrında “Səbail”i məğlubiyyətə uğratmışdı.

Tarixində ilk dəfə Azərbaycan kubokunda finala yüksələn “Zİrə” isə 25-ci turda böyük hesabla uduzub. Rəşad Sadığovun komandası öz meydanında “Qəbələ” ilə bacarmayıb. Qonaqlar 3 xalı 3 qolla qazanıb. Fernan Lopes 26, Rafael Utsiq 45, Omar Hani 81-ci dəqiqədə “Zirə”nin qapısına yol tapıb. Bu qələbə sayəsində “Qəbələ” xallarının sayını 38-ə çatdırıb. 7 oyundan sonra qalib gələn komanda hazırda 4-cü yerdədir. “Zirə” isə 42 xalla 3-cüdür.